ANA SƏHİFƏ
XƏBƏRLƏR
HƏYAT VƏ FƏALİYYƏTİ
Ç.M. FONDU
FOTO ALBOM
QARABAĞ
XOCALI SOYQIRIMI
VİDEO ARXİV
MƏQALƏLƏR
KİTABLAR

 

«215 KL» NƏ DEMƏKDİR VƏ ÇİNGİZ BU STUDİYANI NİYƏ TƏRK ETDİ…

Müsahibim «215 KL» studiyasının direktoru Nicat Əliyevdir

- Nicat bəy, «215 kl» nə deməkdir və bu studiya necə yaranıb?
- Mən televiziyanın kommersiya mərkəzində işləyirdim. Moskvanın «Vesti» proqramına baxdıqdan sonra bizim televiziyamızda da belə bir proqramın olması məni çox düşündürürdü… Rəhmətlik Çingizlə bu barədə tez-tez söhbətlərimiz olurdu. Onda Çingiz Demokratik Rossiya mətbuatının Zaqafqaziya üzrə müxbiri idi. Biz Çingizlə roportajlar hazırlamağa başladıq. İlk reportajımız sentyabrda Yeltsinlə, Nazarbayevin Qarabağa gəlməsinə həsr olundu. Sonra başqa çəkilişlərimiz də oldu. Gəncədən, Xankəndindən… Nəhayət, qərara aldıq ki, bizim özümüzün ayrıca proqramımız studiyamız olmalıdır ki, çəkdiyimiz materialları bu studiyadan verə bilək. Beləliklə, rəhbərliyə müraciət elədik, icazə aldıq. Hazırladığımız proqrama nə isə yaxşı bir ad qoymaq istəyirdik, amma nə qədər fikirləşdiksə tapa bilmirdik. Bir gün Çingizlə «Moskva» mehmanxanasının kafesində çay içirdik… Birdən Çingiz belə bir fikir irəli sürdü ki, studiyanın yaranması haqqında verilən əmrin nömrəsi necə olsa, bu rəqəmi də ad kimi qəbul eləyək. Beləliklə, əmrin nömrəsi oldu 215. Əmr rusca verildi. KL- «kadrovıy listok» sözlərinin baş hərfləridir. Studiyamız oldu «215 kl». Bu, Çingizin özünün ideyası idi… Oktyabrın 17-də ilk verilişlərimizi verdik…
- Çingiz haqqında nə deyə bilərsiniz?
- Çingiz çox obyektiv oğlan idi. Qəribəliklər var idi onda. Hər şeydə bizdən seçilirdi. İstər geyimində, istər danışığında, hərəkətlərində. Biz öyrənmişdik rəhbərlik altında işləməyə, necə deyərlər çərçivədən çıxmağa. Çingizdə isə bunlar yox idi. O, azad idi. Azadlığı, sərbəstliyi sevirdi. Ona elə gəlirdi ki, nəyi istəsə, istədiyi cür çəkib efirə verə bilər. Bacarıqlı və zirək oğlan idi. Qaynar nöqtələrə getmədən heç bir vaxt çəkinmirdi…
- Doğrudanmı Çingiz Ayaz Mütəllibovun adamı idi və ona xidmət edirdi?
- Xeyr. Qətiyyətlə deyirəm. Çingiz onu əvvəllər şəxsən tanımayıb, onları mən tanış etmişəm.
- Ayazla sizin şəxsi tanışlığınız var idi ki?
- Şəxsi yox… Amma mən informasiya şöbəsində işləyəndə tez-tez çəkilişə gedirdik. Burdan tanıyırdım onu. Televiziyada baxırdıq ki, rəhbərlərdən çox süni, həm də sönük müsahibələr və reportajlar hazırlayırlar. Biz də istəyirdik ki, bunu bir qədər canlı hazırlayaq. Alma-Ata görüşlərindən reportajlar Ayaz Mütəllibovdan müsahibələr hazırladı Çingiz… Bütün bunlardan sonra Çingizi Mütəllibovun adamı, studiyanı isə Mütəllibovun studiyası adlandırırdılar. Elə bu yaxınlarda teleşirkətin təzə sədri qəzetlərin birinə verdiyi müsahibədə «215 kl» studiyasının A.Mütəllibov tərəfindən yarandığını göstərmişdi. Biz isə buna cavab verdik, etirazımızı bildirdik.
- O vaxtlar qəzetlərdə belə bir dəb düşmüşdü. Hamı Çingizdən yazır, «Çina»nı tənqid atəşinə tuturdular. Bunlar onun yaradıcılığına təsir eliyərdimi?
- Bu yazılara o, heç fikir də vermirdi. Qəzetlər yazırdı, Çingiz isə reportajlar hazırlayırdı. Ağdamdan, Xankəndindən, Qarakənddən… O özünün yeni proqramını yaratdı. Televiziya informasiya proqramı (TİP). Sonradan ünvanımıza bu sözləri də dedilər ki, tiplər yığışıb bir yerə.
- Bəs elə isə nəyə görə Çingiz «215 kl» studiyasında işdən çıxarılırdı?
- Bayaq dediyim ki, o azadlığı, sərbəstliyi daha çox sevirdi. Bu sərbəstlik bəzən özbaşınılığa da gətirib çıxarırdı. Bizimlə razılaşmaq istəmirdi. Bacarığı, istedadı onu populyarlaşdırdı, tanıtdırdı, sevdirdi tamaşaçılara. Get-gedə bu populyarlıq eqoistliyi daha da gücləndirdi onda. Bizə yuxarıdan baxırdı…
Məsələni bədii şuraya qoyduq. Səhvini üzünə dedik. O isə acıqlanaraq qapını çırpıb getdi. Beləcə studiyamızı tərk etdi. Sonradan reportajlarını özü azad informasiya adı altında verirdi.
- Bəs niyə Çingizin ölümündən sonra Azərbaycan «Nyuservis» şirkətinin hazırladığı proqramda onu teleşirkətin rəhbərliyi tərəfindən işdən çıxarılması kimi təqdim etdilər?
- Bu düz deyil. Bəlkə onlar elə başa düşürlər. Rəhbərliyin bu işdən xəbəri yox idi. Əksinə, onlar istəyirdi ki, biz barışaq, yenidən birgə işləyək. Əlbəttə, bizim birgə işləməyimiz Çingiz üçün də, studiyamız üçün də yaxşı olardı. O, bizdən çıxıb getsə də, biz həmişə onun mövqeyini müdafiə etmişik. İndi də müdafiə edirik. Çingiz Azərbaycan televiziyasının ilk telereportyoru idi.
- Onun ölüm xəbərini necə eşitdiniz?
- Uşaqlarla oturub çay içirdik. Bir də gördük bizim əməkdaşımız İdris Mikayılov qaça-qaça gəldi ki, bəs deyirlər Çingizi öldürüblər. Yerimizdən dik qalxdıq. Özümüzü bir anlığa itirdik. Mən tez Prezident Aparatı mətbuat xidmətinə zəng vurdum. Niyazi bəylə danışdım, əyyarə istədim. O da Pənah Hüseynova zəng vurub bildirdi. Nə isə, təyyarə alıb getmək istəyirdim ki, məlumat gəldi ki, artıq 40 dəqiqə olar ordan yola salıblar. Təyyarəni Zabratda qarşıladıq…
- Tamaşaçıların «215 kl» studiyasının Çingizdən sonra maraqsız olması fikrini qəbul eləyirsinizmi?
- Qarabağ mövzusu sıradan hə… Tamaşaçılarla razıyam.
- İndiki əməkdaşlarınız arasında Çingiz kimi razı qaldığınız reporyorunuz varmı?
- Xeyr.
- Nicat bəy, siz Çingizlə yaxın olmusunuz. O isə həyatının sonuna qədər sizinlə küsülü oldu. Bu sizə ağrı vermirmi?
- Əlbəttə, ağrı verir. Mənim ona deyiləsi sözlərim çox idi, lap çox… Ola bilsin ki, onun də mənə deyiləsi sözləri qaldı…
- Müsahibəyə görə çox sağ olun.

Müsahibəni apardı:
Roza Əliqızı.
“MÜXALİFƏT” qəzeti
3 noyabr 1992..


© 2004 Copyright In Memory of Chingiz Mustafayev. www.chingizmustafayev.com