ANA SƏHİFƏ
XƏBƏRLƏR
HƏYAT VƏ FƏALİYYƏTİ
Ç.M. FONDU
FOTO ALBOM
QARABAĞ
XOCALI SOYQIRIMI
VİDEO ARXİV
MƏQALƏLƏR
KİTABLAR

 

SƏN GƏLƏCƏKSƏN…

Bəzən elə adamlar olur ki, onların həyat tarixini yazmaq üçün bütün xalqın bir ölkənin və ya xalq həyatında müəyyən bir dövrünün tarixini yazmaq lazım gəlir.
Yaşadıqları mühit, cəmiyyət və məişətin irəliyə doğru yürüməsində addımbaşı onların adı görünə bilər. Onların şəxsi həyatından ümumi həyatı ayırmaq istədikdə isə yerdə heç bir şey qalmır.
Bəli, bu gün haqqında söhbət açmaq istədiyim Çingiz Mustafayev şəxsi həyatı ümumi həyatdan ayrılmayan insanlardandır.
Düşmən tapdağı altında inləyən doğma Vətənin səngərlərini özünə ev, əsgərləri dost, qardaş bilən, demək olar ki, həmişə onlarla bir yerdə olan Çingiz Mustafayev Azərbaycan jurnalistikasını demokratik prinsiplər əsasında inkişaf edib möhkəmlənməsində çox böyük iş görmüşdür. Məhz buna görədir ki, haqqı nahaqdan seçən, doğru söz demək bacarığına, iti jurnalist qələminə sahib olanlar onu ehtiramla xatırlayırlar.
Mən də onu unuda bilmirəm. Onu həmişə yanımda hiss edirəm.
Deyirlər, insanlar ruhlarla yalnız yuxularda görüşürlər, təmasda olurlar.
Mən yuxulara inanmırdım. O gecə Çingizi yuxuda görməsəydim, onun ruhu ilə görüşməsəydim, həmin durumda da qalacaqdım.
Yuxumda qəmgin gördüm onu həm də bir az küskün…
İllərdən bəri məni narahat edən sualı verdim ona:
«Gülləni kim vurdu sənə? Onu tanıyırdınmı? Gördünmü?». «Ax əclaf!» dedin güllə dəyəndə niyə susdun? Yoxsa, zalım qəfil güllə aman vermədi sənə?..
O güldü. Qəribə bir gülüş idi bu gülüş. Susdu. Göyə baxdı, sanki öz ulduzunu axtardı ulduzlar arasında.
Kamerasını soruşdu. Özümü itirdim, dondum, yalan danışa bilmədim. Ona düzünü demək istəyəndə bulanıq bir duman içində itirdim onu.
Yuxuda ruhlarımız görüşmüşdü, sevindim buna, lakin yenidən ayrılıq incitdi məni.
Xatirələr vərəqləndi şüurumda. Görüşə gəldi Çingiz xatirələr qanadında. Necə var, bax eləcə, səmimi, gözəl qamətli, bir az qəmgin. Bir az gülər. Qabaqdan geniş alnını, arxadan çiyinlərini sığallayan saçları, səsi, qayğılı baxışları, gözəl duruşu, gülüşü. Çılğın çağırışı, göz yaşları ilə…
Sən həkim idin – reportyor, oldun. Təsadüfmü, yanlışmı? Bu sənin həyatda seçdiyin əzablı yol, tale yükün idi.
Həyatın tələbinə qəlbin cavab verdi sənin.; Vətənə məhəbbət hissi, torpağa bağlılıq, milli qürur hissi böyük amallarla səslədi səni. «Qarabağ» adlı Vətən yarası göynətdi qəlbini. Sən getdin, amma silahsız, gülləsiz…
Silahın kamera, kassetlərin gülləyə çevrildi. Heç bir qadağa, soyuq-boran qar, narahat gecələr ölüm qoxuyan döyüşlər, daha bilmirəm nələr, nələr… qorxutmadı səni. Çünki sən ölümdən güclü idin, Çingiz!
Xatirələr vərəqləndikcə yuxu kimi gəlir mənə. Ancaq bu yuxu deyil, bu həyatdır. Sən cavan idin təmkinlik, özünü qorumaq hissi səndən uzaq idi.
Siyasətçi olmasan da, siyasi münaqişələr girdabından alnı açıq çıxırdın.
İspulsiv cavabların: hazırcavablığın, hər şeyə cavab axtarmaq istəyin, çağırışların, ustalığın qara qüvvələrin zalım məleykələrinə xoş gəlmədi… Onlar apardı səni…
Vətən üçün igid bir qəhrəman oldun, əbədiyyətə qovuşaraq təkcə anan Naxış xalanın yox,bütün bir elmin, xalqın oğluna çevrildin. Sənin çəkdiyin reportajlar milli müstəqilliyimizin tarixini özündə əks etdirən fimotekamızda əvəzsiz yer tutur.
Neçə-neçə reportajlarına qadağalar qoyulsa da, Xocalı fəciəsini bütün dünyaya tanıdan sən oldun. Şuşa, Laçın, Ağdərə, Ağdam…
Son reportaj. Naxçivanik uğrunda gedən döyüş «Mərmilər partlayır, tanklar yanır, əsgərlər səngərdən-səngərə atılaraq döyüşür. Sən isə bu qəhrəman, qorxmaz əsgərlərin döyüş səhnələrini lentə alırsan. Bu an zalım güllə səni haqlayır. Kameran – silahın əlindən yerə düşür, lakin o çəkməkdə davam edir…»
Sən yuxu kimi qeybə çəkilirsən. Müharibə isə davam edir… hələ görülməli çox işlər var. Ana Vətən yaralıdır.
Bilirəm, dözməyəcəksən, yenə gələcəksən ağ at üstündə. Yeni simada, daha güclü, daha qəddar, daha cəsur həqiqət təntənəsinin carçısı kimi.
Torpaqların azadlığı uğrunda xalqımızın qəlbinə qeyrət toxumu səpməyə…
Naxış anaların gözlərinin qəmli yaşını silməyə…
Əziz ciyərparasının Sənsizliyini duymağa…
Sən gələcəksən. Qələbə bayrağımızı çəkməyə. Himnimizi səsləndirməyə. Sən gələcəksən, Qarabağ faciəsi salnaməsini tamamlamağa; Gələcəksən, gələcəksən… mütləq gələcəksən, Çingiz!

Elbrus TAĞIYEV
9-16 iyul 1999.

 

© 2004 Copyright In Memory of Chingiz Mustafayev. www.chingizmustafayev.com