ANA SƏHİFƏ
XƏBƏRLƏR
HƏYAT VƏ FƏALİYYƏTİ
Ç.M. FONDU
FOTO ALBOM
QARABAĞ
XOCALI SOYQIRIMI
VİDEO ARXİV
MƏQALƏLƏR
KİTABLAR

 

ÇİNGİZ MUSTAFAYEVİN AD GÜNÜNƏ
ƏGƏR SƏN QAYITSAN…

Viran olmuş yurd yerlərinin, əldən getmiş bölgələrimizin, şəhidlərimizin dərdi, «qaçqın», «köçkün», «didərgin» damğası vurulmuş soydaşlarımızın faciəsi dünyanın özü boyda daş olub, asılıb ürəyimizdən. Dünya bu gün özü bizim içimizdədir, varlığımızdadır. O üsyan edir, ağlayır, səsləyir, əl edir, fərman verir, qırğın törədir, bəzən fikrə gedir, bəzən də heç nə olmamış kimi məsum uşaq tək gülümsəyir. Sirlərindən baş açmaq mümkün olmayan bu qoca dünyanın hər üzünü görməkdəyik… Belə olduqla, bəs, nəyə qalıb gümanınız? Güman yerimiz təkcə ağıldır, ağıl! Ağıl, bizim istinadgahımız, qalamızdır. Ona görə də mənfi emosiyalardan bacardıqca qaçmaq, uzaqlaşmaq lazımdır.
Bu dünyanın üzü nə soyuqmuş Allah! Gör, ağılsızlıq ucbatından nələr olub, kimlər əldən gedib, dildə sözü qalıb könüllərdə xatirəsi. Gör kimlərlə əl-ələ verib, görə biləcəyimiz xeyirxah işlərin təməli qoyulmamış, barxanası uçuldu-söküldü. Gör, kimlərlə bərabər, nələr külə döndü. Saf arzular puç oldu, qönçə ikən öz butasına soldu…
Biz hamımız, Vətən adlanan bu laləzar torpağın bir parçasıyıq, kiçik bir daşıyıq. İndi, dərdlərin üstün gəldiyi bir vaxtda, kimi haraylayaq, kimə əl uzadıb, köməyə çağıraq? İstedadı, qabiliyyəti ilə öyündüyümüz nə qədər adam daxili və xarici xəyanətlərin sayəsində sıradan çıxarıldı. Onların arasında güvəncimiz Çingiz Mustafayev də var. Qoy jurnalistlərimiz inciməsinlər, Çingiz Azərbaycan jurnalistikasının nəhəng daşı idi. O, ekrana yeni nəfəs gətirmişdi. O nəfəs həmişə təzə-tər idi. O nəfəsdən bahar təravəti duyulurdu. Təbiətcə qaynar idi. Çoxunun bacarmadığı, sözü ilə demək bacarığı, mərdlik, cəsurluq vardı Çingizdə. O həm də tükənməz enerji sahibi idi. Bu gün biz, Çingizli dünyamızın, Çingizsiz anlarını yaşayırıq. Qəhrəmanımız, aramızda qismən yoxsa da, mənən, ruhən həmişə bizimlədir. Hər dəqiqə şirin gülüşlərini eşidir, qayğılı gözlərinin bizləri müşaiyət etdiyini hiss edirik. Bəzən nəyinsə haqqında yazmaq, fikir yürütmək istəyəndə düşünürük: Çingiz belə deyərdi, belə edərdi…
Taleyi bəlli olmayan kamerasında əllərinin hərarəti, gözlərinin ziyası qalıb. Kamerası harada qalıb Çingizin? Müxtəlif şaiyələr qəlbimizi ağrıdır. Axı o, Çingizin bizlərə qoyub getdiyi ən qiymətli əmanətidir?! Əmanətə də xəyanət olarmı?! Kamerası ilə qarış-qarış cəbhə bölgələrini gəzən Çingizimizin ayağı dəymiş o torpaqlar, mənfur düşmənləri gec-tez qoynuna çəkib,udacaq. Çünki Vətənimizin o dilbər guşələrində Çingizimizin gözü qalıb.
O, susduruldu . Ondan həyata vəsiqə almış «215 KL»in verilişləri, «Üzbəüz»ün biçimli dialoqları da susdu. Ömrü, bu müəllif ömrü kimi yarımçıq qalırdı. Onun zərif bir gül tək solan ömrünə sevinənlərbilsinlər ki, bir nəfəri, 10-15, lap min nəfəri susdurmaq olmaz. Bir Çingizin əvəzində, on Çingiz doğulub. Bu, düşmən üçün daha qorxuludur. Amma o yenə də bizim üçün bir dünya sevinc, zülmətdə bir işıqdır.
O, bu torpağın vurğunu idi. Çünki bu torpaqda Cavanşir, Babək, Koroğlu, Nəbi doğulub O, bu millətin vurğunu idi. Çünki bu millət Atilla, Mete, Oğuz xan, Tomris, Nigar və Həcəri dünyaya bəxş etmişdir.
Qəhrəmanlar yetirən bu torpaqda bir Çingizimiz vardı. O da bizdən ayrılıb, durnalar kimi qatarlanıb uçan «ruh qatarına» qoşuldu.
Hardasan, qardaş hardasan? Bəzən ayrıldığın o bahar fəsli də bir ayrı biçimdə gəldi, getdi. Bu harımız da ötən baharlarımız kimi yarıkönül güldü. Axı necə də ürəkdən gülsün? Qəm karvanına sarıban olan könüllər dilində nəğmələr necə çağlasın, arzular necə tumurcuqlasın?!
Bu dərd-qəm nədir, İlahi?! Öz böyüklüyünü, sənə asi düşənlərə sübut etmək üçünmü faciələrimizə göz yumursan? Axı, sən həm qadir, həm də adilsən?! Dərgahına üz tuturam, ilahi, sən özün yolundan azanları yoluna qaytar, itkilərimizin qarşısını al!
Qayıt, Çingiz, qayıt. Əgər sən qayıtsan elə bilərəm ki, döyüşçülərinə qəzəbdən boğula-boğula yalvardığın Laçınım qayıdır. Əgər sən qayıtsan, talelərin ürəklərdə qurduğu dərd yuvaları dağılar, iran olmuş köksü çarpaz dağlı Xocalım qayıdar! Qayıt, hardasan mənim qəhrəman, ərən qardaşım? Qayıt. Bəlkə başı, yaralı köksünə düşmüş güllər, çiçəklər də sağala. Əgər qayıtsan sellər, sular çağlayar, qayıt! Qayıt, axı Ad günündür, 9 ildir ki, boş qalmış yerin səni səsləyir! Qayıtsaq, göz yumduğun o bahar da bu dəfəki gəlişilə sənli günlərdə olduğu kimi minbir nəğməli, sazlı-sözlü olar! Mən buna inanaram, əgər sən qayıtsan…

Zəmina ELTURAN
“YENİ ZAMAN” qəzeti
31 avqust-6 sentyabr 2001.

 

© 2004 Copyright In Memory of Chingiz Mustafayev. www.chingizmustafayev.com