ANA SƏHİFƏ
XƏBƏRLƏR
HƏYAT VƏ FƏALİYYƏTİ
Ç.M. FONDU
FOTO ALBOM
QARABAĞ
XOCALI SOYQIRIMI
VİDEO ARXİV
MƏQALƏLƏR
KİTABLAR

 

SİZİN ANANIZ BİRDİR

Altmışıncı ildə doğulub altmış bahar yaşamayıb, gülləyə tuş gəldin – ömrün otuz ikisində. Qatilin müəmmalı olsa da, qətldə məqsəd aydındır, həm ömrünə, həm də dünya ekranlarına çıxmış və çıxacaq sənədli süjetlərinə nöqtə qoymaq!
Düşmənin səni hədəf seçməsi təsadüf idimi, qardaş! Xocalı qırğını haqqında vidiohəqiqətlərin olmasaydı, ölümün də olmazdı, Çingiz! Deməli, sən təsadüfi, qəfil güllənin yox, səni izləyən güllənin qurbanı olmusan! Yaponiya, Almaniya, Amerika kimi iri dövlətlər sənin Xocalı haqqında videosüjetlərindən sonra erməninin iç üzünə-astarına bələd oldular. Onlar videohəqiqətlərinə baxandan sonra Ermənistanı təcavüzkar kimi tanıdılar və onu də əlavə etdilər ki, çağdaş günlərimizdə dünyaya yeganə təcavüzkar dövlət varsa, o da Ermənistandır.
Cibindən iyirmi min xərc çəkib Moskvada Vəzirovu videonun «yaddaşı»na köçürdün. Həmin o Vəzirov ki, Azədlıq meydanında «Topxana» harayını qaldıran camaatın tələblərinə məhəl qoymayıb Arkaki Volskiləri ac qurd kimi torpağımıza daraşdırdı. Həmin o Vəzirov ki, Azərbaycanda qoz ağacı əkdirəcəkdi, hamam tikdirəcəkdi, Azərbaycanı kompüterləşdirəcəkdi – Azərbaycan erməni taunundan xilas etmək əvəzinə.
Səni telefonla hədələyənlər, hədələyib təhqirə keçənlər də olub. Dəfnində bildim bunu. Rejissor qardaşımız Əliheüdər dedi bunu. Dedi və əlavə etdi ki, Çingizi təhqir edənlər indi rahat ola bilərlər. Telefon düşmənlərinin istəyi həyata keçib, Çingiz artıq həyatda yoxdur! Bir yandan həyat yoldaşının, ananın, bacının fəryadı, bir yandan da Əliheydərin sözləri gözlərimə yaş gətirdi, qardaş!
Dəqiq xatırlamıram, Qazaxdanmı, Ağstafadanmı belə bir süjet çəkmişdin ki, gürcülər gəlib dəmirimizi özümüzünkülərdən ucuz qiymətə alıb aparırlar. Balaca minik maşınında oturan və əlləri ilə üzün gizlədən gürcünün etirazına baxmayaraq onu çəkdin və çəkib göstərdin ki, ucuz qiymətə malımızı aparan bunlardı. Sözündən belə çıxdı ki, gürcülər xeyrini anlayan, biz isə xeyrimizi anlamayan olmuşuq.
Dəfnində onu da eşitdim ki, düşmən gülləsinə tuş gələndən sonra videokameranı döyüşçülərimizə vermisən ki, ömrünün son anlarını çəksinlər. Necə böyük operativlik, necə böyük qəhrəmanlıq!
Səsin həmişə ön cəbhədən gəlirdi. Jurnalistlərə cəbhəyə – güllə yağışı altına getmək qadağan olsa belə. Sonuncu ezamiyyə vərəqəsini sənə Leyla Yunusova yazıb.Leyla xanım deyir bunu. Qadağaya baxmayaraq istəyinə nail ola bildin qardaş! Bəlkə bu dəfə getməsəydin, düşmən gülləsi də səni tapmazdı. Tapmazdı, qardaşım, tapmazdı…
Qardaşım, ayrı-ayrılıqda sənin də, Salatının da Alının da, Kərimağanın da ananız var. Məzarda isə ananız birdir: Azər-bay-can! Bunu rəmz kimi yox, həqiqət kimi qəbul etməliyik.

Nizami MÜŞTƏBAOĞLU
“İNŞAATÇI” qəzeti.
21 iyul, 1992.

.


© 2004 Copyright In Memory of Chingiz Mustafayev. www.chingizmustafayev.com