ANA SƏHİFƏ
XƏBƏRLƏR
HƏYAT VƏ FƏALİYYƏTİ
Ç.M. FONDU
FOTO ALBOM
QARABAĞ
XOCALI SOYQIRIMI
VİDEO ARXİV
MƏQALƏLƏR
KİTABLAR

 

BAĞIŞLA BİZİ, ÇİNGİZ!…

Biz sənə çox şeyi bağışlaya bilmirdik. Sən bizə hər şeyi bağışla, Çingiz!
Bağışla ki, sənə paxıllıq etməkdən, sənə həsəd aparmaqdan özümüzü saxlaya bilmədik. Bağışla ki, sənin uğurlarına həmişə ürəkdən sevinməyi bacarmadıq. Bağışla ki, azacıq büdrəyəndə bəzən ayağından dartmağa can atırıq. Bağışla ki, yağı gülləsinə tuş gələnəcən neçə dəfə tikanlı sözlərimizə, xəbis baxışlarımıza , kinli istehzalarımıza hədəf eləmişdik səni; bu tikanlı sözlərlə, xəbis baxışlarla, kinli istehzalarla neçə yol ürəyini ağrıtmışdıq, könlünü dağlamışıq, ruhunu küsdürmüşük. Bağışla ki, sənin haqqını danırıq, adını yüz yerə, yüz cürə hallandıra-hallandıra sinənə dağ çəkirdik. Bağışla bizi Çingiz, sənin haqqını danıb adını hallandıranların hamısının əvəzinə ruhunun qarşısında yüz dəfə, min dəfə, milyon dəfə üzr istəyirəm. Sənin ruhun mənim üzürxahlığımı qəbul edər – elə bilirəm ki, adını hallandırıb haqqını danmayan şəxsən mənim sənin ruhundan üzr diləməyə hardasa ufacıq da olsa haqqım çatır. Və bu ufacıq haqqa söykənib hamınızın adından o, müqəddəs o göbzəgörünməz ruhuna üz tutub deyirəm: bağışla bizi…!
Adətən belə hallarda – aramızdan qəfil gedən nakam oğullarımız haqqında bu cür deyirik: bağışla ki, səni QORUYA bilmədik. Mənsə ruhuna üz tutub deyirəm: bağışla ki, səni ANLAYA bilmədik. Anlaya bilmədik - çünki ixtisasca jurnalist olmayan sənin bu meydanda bu cür cəsarətlə, qeyrətlə, ustalıqla at oynatmağın. Meydan sulamağın bizə qəribə gəldi; bizə çatmadı. Sən bu meydanda qəfil peyda oldun; sürətlə gəlib və gəldiyin sürətlə qəfil atını çapıb qeybə çəkildin. Və sənin cəmisi 32 illik mənalı həyatın kimi, jurnalist fəaliyyətinin ömrü də şimşək kimi çox qısa oldu. Lakin bu qısa vaxtda sən bizim çoxlarımızın edə bilmədiklərini etdin, özü də təkbaşına. Bir az da bu çatmadı bizə: bir az da burasını anlaya bilmədik. Üstəlik sən həm də həkim idin – bir az da burası çaşdırdı bizi.
İxtisasca musiqiçi deyildin, amma musiqisiz yaşaya bilmirdin – bizə qəribə görünən bir az da burası oldu. Və biz səni dərk edə bilmədik; bu meydanda necə peyda olduğunu və niyə peyda olduğunu heç cürə anlayanmadıq.
İndi isə anladıq: sən ixtisasca vətəndaş idin – vətənin müqəddəsliyini, torpağın müstəqilliyini, yurdun azadlığını, xalqın xoşbəxtliyini canından artıq sevən, bu yolda canından keçməyə hər dəqiqə hazır olan qeyrətli, cəsarətli, fədakar, adı böyük hərflərlə yazılmağa layiq olan VƏTƏNDAŞ!
…Heç demə çox adi, çox sadə bir həqiqətmiş. Fəqət biz bu adidən adi, sadədən sadə həqiqəti gec, çox gec anladıq. Bağışla bizi, Çingiz!..

Mahir QARAYEV.
«AZƏRBAYCAN» qəzetinin xüsusi buraxılışı. «ÇİNGİZ».
İyun, 1993.


.


© 2004 Copyright In Memory of Chingiz Mustafayev. www.chingizmustafayev.com