ANA SƏHİFƏ
XƏBƏRLƏR
HƏYAT VƏ FƏALİYYƏTİ
Ç.M. FONDU
FOTO ALBOM
QARABAĞ
XOCALI SOYQIRIMI
VİDEO ARXİV
MƏQALƏLƏR
KİTABLAR

 

«DÜNYAYA BAXDIM GÖZLƏRİM DOLDU»

İki ilin söhbətidir: istedadlı telejurnalist Çingiz Mustafayev haqqında nəsə yazmaq istəyi məni rahat buraxmırdı. Şəhidlər xiyabanında uyuyan Çingizin qəbri üstə getdim. Orada şəhidə ünvanlanmış açıq məktub gördüm. Götürüb pıçıltıyla oxudum ki, qoy küləklər bu isti məhəbbət dolu sözləri Çingizin göylərdə dolanan ruhuna yetirsin. Vərəq Çingizə yaraşası nikbin duyğularla dolu idi. Və hiss etdim ki, yazmaq istədiyimdən yüksək olan bu məktubu redaksiyaya təqdim edim. Məktub müəllifi indi də tanımadığın 18 yaşlı Rəmziyyə adlı bir qız idi. O məktubu dərc etdirdim və qəlbim qismən rahətlandı.
İndi isə - avqustun 29-u Çingizin 34 yaşı tamam olur.

Və mən də öz ruhumu çarmıxa çəkən adamam
Mən də öz əcəlimlə ölmək üçün doğulmamışam
Əcəliylə ölmək üçün doğulurmu peyğəmbərlər, şairlər.
Doğulursa, mən şair deyiləm

Bu misralar müəyyən an Çingiz ömrünü xatirimdə yaşatdı. Əlindəki videokameranı düşmən gülləsinin düz «bəbəyinə» tuşlayan Çingiz cəsarəti, qətiyyəti bizi elə ovsunlamışdı ki, Çingizin özünü unutmuşduq. Onun nə torpağ ağrısından çarmıxa çəkilən ruhunu görürdük, nə də görə-görə, bilə-bilə ölümün qucağına can atdığı minlərlə məqamı. Çingizin ömür payı qəribəlikdən, qeyri-adilikdən yoğrulmuşdu. Ona görə yuxarıdakı qeyri-adi, gözəl misralar Çingizi mənə xatırlatdı.
Çingizin o günlərdə ilk dəfə səsi ekranda eşidiləndə özü görünmədi. Mənim yadımda belə qalıb. «İnsanlar arasında ruh kimi yaşamanın sirrini anlaya bildiyimdən Çingizi o dəqiqə «tanımamışdım». Sonralar təqdim etdiyi çox proqramlar indi də qəlbimdə işıqlandıra bilirəm. Yaddaqaln, səmimi. Torpaqcanlı Vətən sevgili, Laçın haraylı, Şuşa nəfəsli, Xocalı müsibətli, «20 Yanvar məhkəməsi»ni qurub düşmənə kömək, xainləri ifşa edən və s. məzmunlu verilişlər idi, o, bizimlə cəmi 8 ay (1991, oktyabr – 1992, iyun) ekran vasitəsilə ünsiyyətdə oldu. Və o 8 ay Çingizin yaşadığı və hələ qərinələr boyu yaşayacaq ömrünü bircə-bircə vərəqlədi: indiki günlərimizə qeyrət, təpər gətirmək, gələcəyə nəsil ötürmək şərəfinə. Mirseyidin dili ilə desək, «yaşadığı ömür qaralamasıymış yaşayacağı ömrün»ün.
İmperiya qoşunu 1990-cı il 19-20 yanvarda Bakının, torpağı soyuq silahlardan isti ürəkləri ilə qoruyaraq şəhid olduqlarından «yaşamaqlarına vaxt qalmadı. Vaxt qalmadı Tanrıynan mübahisə» eləsinlər. Çincizin vicdanında bir kişi təpəri oldu ki, bu mərkli oyunların züy tutanlarını haqq məhkəməsinə çəkdi. Özləri də hiss etmədən o veriliş – məhkəmədə Çingiz onların xəyanətlərini öz dilləriylə dedirtdi. Ölüncə sənə borclu qalacayıq Çingiz!
Milli müstəqillik və demokratiya uğrunda mübarizə apardığımız zaman tarixində Çingiz Mustafayevin ayaq izləri aydın görünür və şərəflidir.
Xocalının qarda-çovğunda, meşədə-düzdə qırılan minlərlə sakininə arxa oldu, yiyə durdu. Sahibsiz qalmış sadə, silahsız camaat, körpələr, qız-gəlinlər, qoca nənə-babalar vəhşi düşmən torpağında qalarkən təkcə Çingiz haya yetdi, təkcə Çingiz ağı deyib ağladı. Bir elin yasını, tabutunu Çingiz çiyninə tək götürdü. Çingiz Xocalını beləcə lentə köçürdü. O ərəfədə bu xidmətləri yerinə yetirərkən əvəzində canını girov qoymuşdu. Bəlkə də hər belə ağrı-müsibətlərdən sonra Çingiz dünyaya doğuluşundan narazı qalırmış:
Göylər qəbul etmir mənim ruhumu,
Torpaq da ayağım altından qaçır.
Çingizin ömür xatirələrini - Azadlıq mübarizəsi yollarında keçdiyi bütün uğurları, igidlikləri, qəhrəmanlaqları bircə-bircə sadalayıb yazmaqla təzə heç nə söyləməmiş oluram. Sadəcə olaraq hamıya məlum, hamının şahidi hadisələri təkrar xatırlamaqla onun ruhunu yad edir əzizləyirik.
Və bu yazıda Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin həyat yollarını istedadlı şair Adil Mirseyidin təzəcə çapdan çıxmış «Güzgüdəki adam» şerlər kitabından götürdüyüm misraların köməkliyi ilə aradım.
Çingiz Mustafayev 1960-cı il tarixdə Rusiya torpağında hərbçi ailəsində doğulub. İxtisasca həkim olub. Jürnalistika aləminə ürəyinin diqtəsiylə gəlib. Ruhən, cismən torpaqcanlı olduğundan hər döyüş səngərində dolanıb. Düşmən işğalını yerindəcə lentə çəkib dünyaya yayıb. Və günlərin birində, 1992-ci il 15 iyun tarixdə yeni bir hücumu videolentə köçürəndə düşmən gülləsinə tuş gəldi. Çingiz Mustafayev torpaq, Vətən, azadlıq, milli müstəqillik, demokratiya uğrunda – milli Azərbaycan dövləti uğrunda şəhid oldu.
İndi hamımızın əzizi olan Çingiz Mustafayev belə ömür yaşadı. Tale payı Allahdan belə yazılıbmış. Ruhun şad olsun Çingiz!

Almaz ÜLVİ.
«AZƏRBAYCAN» qəzeti
27 avqust 1994.


© 2004 Copyright In Memory of Chingiz Mustafayev. www.chingizmustafayev.com