ANA SƏHİFƏ
XƏBƏRLƏR
HƏYAT VƏ FƏALİYYƏTİ
Ç.M. FONDU
FOTO ALBOM
QARABAĞ
XOCALI SOYQIRIMI
VİDEO ARXİV
MƏQALƏLƏR
KİTABLAR

 

ÇİNGİZ MUSTAFAYEV – ƏBƏDİ HƏYAT

Həyat da pyes kimidir: onun böyük olmağı deyil, yaxşı oynanmağı vacibdir
Seneka

«Onlar məni yaraladılar. Tez kameranı götürün! Ay Allah. Mən ölürəm?!» - deyə inildədi. Ölüm artıq onu haqlamışdı, amma elə bil buna inanmaq istəmirdi. Bu, onun son sözləri idi. Kamera əlindən düşdü, lakin dayanmadı. Kamera işləyirdi, çəkirdi. Sanki yenə o əllərdə – Çingizin əllərində idi…
1992-ci il iyunun 15-i… həmin faciəli gündən dörd il keçir. Lakin dörd il bundan əvvəlki kimi indi də inana bilmirsən ki, istedadlı telerepartyor, ən çətin anlarda belə özünü itirməyən Çingiz Mustafayev bu həyatda, öz əziz və doğma adamlarının, dostlarının və həmkarlarının arasında yoxdur.
O, nə siyasətçi idi, nə də sözün əsl mənasında, jurnalist. Hələ tibb institutunda təhsil aldığı illərdə qeyri-adi liderik istedadı ilə seçilmiş, bənzərsiz disk-jokey kimi şöhrət qazanmışdı. Bakıda ilk Disk-mərkəzin təşkilatçısı məhz Çingiz olmuşdu. Heç bir tədbir – diskoteka, yaxud gənclər müsabiqəsi onsuz keçmirdi.
… «Doktor Çingiz». Tibb institutunun son kursunda təhsil alanda, onu Dəvəçiyə göndərdilər. Orada sanitar həkimi işləyirdi və camaat da onu belə çağırırdı. Çingiz doktorun vəzifəsi təmizliyə nəzarət etmək idi. Az müddət ərzində bütün yeməkxana, restoran, bufet və xəstəxanalarda ciddi qayda-qanun və təmizlik hökm sürməyə başladı. Sanitariya-gigiyena normalarına riayət etməyənlərin işi pis olurdu – buna görə şəhərdə bəziləri Çingizi sevmirdi. O, işinə ciddi münasibət bəsləsə də, Bakı üçün, ürəkdən bağlı olduğu musiqi və estrada üçün çox darıxırdı. Həftədə bir-iki gün vaxt tapıb, Bakıya gəlir, sevdiyi işlə az da olsa, məşğul olurdu. O vaxt Çingiz televiziyada gənclər üçün «Ekspromt» verlişini aparırdı.
…Onlar dörd nəfər idilər. Bir-birinin sevincinə və qəminə şərik olan dörd ayrılmaz dost… Onların həyatında qəmə, kədərə yer yox idi. Onlar həyatı və gəncliyi hədsiz sevir, bütün vaxtlarını musiqiyə həsr edirdilər. Bu gəncləri məhz musiqi – İnşaat Mühəndisləri İnstitutunda fəaliyyət göstərən «CƏngi» ansamblı birləşdirmişdi. Rasim İmanov, Akif Salmanov, Pərviz Əliyev və Çingiz Mustafayev. O vaxt dördü də subay idi. Və kişi dostluğunu pozmamaq üçün ailə qşurmağa söz vermişdilər. Aylar, illər keçdi. Dostlar əvvəlki fikirlərini dəyişdilər. «Əhd-peymanı» əvvəlcə Rasim pozdu, sonra Pərviz və Akif. Yalnız Çingiz qalırdı…
80-ci illərin axırları idi. Çingiz İnşaat Mühəndisləri İnstitutunun tələbə sanatoriyasında baş həkim işləyirdi. O, təzə işə can-başla girişmişdi. Qısa müddətdə sanatoriyada böyük dəyişikliklər oldu: təmir işlərinə başladı, videosalon, bir qədər sonra isə Disk-bar açıldı. Burada diskotekalar təşkil edilirdi, aparıcı da Çingiz özü olurdu. Tezliklə şəhərin bütün gəncləri bu diskotekaya axışmağa başladılar.
…1990-cı ilin iyul ayı idi. İnşşat Mühəndisləri İnstitutu həmkarlar ittifaqının sədri Elxan müəllimin kabineti… O, İnstitutun «Sevinc» qrupunun Bolqarıstana səfərinə başçılıq etməyi Çingizdən xahiş edir. Bu vaxt institutun tələbəsi, ansamblın solisti olan məlahətli bir qız otağa daxil olur. Əvvəlcə səfərdən imtina edən Çingiz onu görəndə, getməyə razılıq verir. Qatarın vaqonunda Rəfiqəni axtarıb tapır və onunla tanış olur. Sonra da Bolqarıstanda keçirilən unudulmaz görüşlər… Belə görüşlərin birində Çingiz ürəyini qıza açıb, «Sevinc» qrupu ilə səfərə çıxmasının səbəbini ona izah edir… Sevgililər Bakıya qayıdırlar. Nişan… Toy… Qohumların, dostların, yaxın adamların təbrikləri…
Günlər çox sürətlə keçir. Mustafayevlərin evində atasının iftixarı və sevinci olan kiçik Fuad dünyaya gəlir.
1991-ci ilin oktyabrı… Çingiz yeni «215 KL» proqrpmında telerepartyor kimi fəaliyyətə başlayır, Qarabağda isə müharibə gedir. O, iki-üç günlüyə Bakıya gələn döyüşçülərdən müsahibələr almır, birbaşa qanlı hadisələrin baş verdiyi döyüş meydanlarına yollanır. Məhz onun bənzərsiz reportajlarından sonra biz torpağımızda başlanmış faciəni tam durğunluğu ilə dərk etdik. Az vaxtda geniş auditoriyanın rəğbətini qazanmış Çingiz bir nömrəli telereportyor oldu. Biz onu gah döyüş meydanında, ğah da o illərin «məşhur adamlarından» müsahibələr götürən yerdə. O həmin «xadimlərin» simasından maskanı dartıb çıxartmağa cəhd edir, onlara çoxlu sual verirdi…
1992-ci ilin fevralı… Xocalı… Bu dəhşətli faciədən nə qədər yazılmışdır! Lakin hər dəfə bu barədə söhbət düşəndə, istər-istəməz o faciəni lentə alan telerepartyor yada düşür. Nə vaxtsa televiziya ekranından gülümsəyən bu şəçn və qayğısız oğlan bir anın içərisində ümidsiz və məyus kişiyə çevrildi. Çoxlarını məftun edən şən baxışlarından əsər-əlamət qalmadı. Varlığını sonsuz kədər, dərin iztirab bürüdü. Müharibə onu dəyişdirdi.
Xocalı, Ağdam, Laçın, Şuşa… hər dəfə yeni reportajlarla qayıdanda, Çingiz onları ekrana çıxarmaq üçün çox əziyyət çəkməli, bəzən qanmaz və iddialı rəhbər işçilərlə toqquşmalı olurdu. Onu tənqid və mühakimə edirdilər. Qəzetlər xüsusi canfəşanlıq göstərirdilər. Bəziləri onun karikaturasını çəkir, başqaları replikalar atırdılar. Hamıdan çox canfəşanlıq edən qəzetlərin biri o vaxt yazırdı: «Disk-jokey Çina nə vaxtdan telerepartyor olub və vətənpərvər olmuşdur?» Axmaq və cəfəng fikirdir. Belə çıxır ki, bu gün diskotekada rəqs edən cavan oğlanlar sabah öz torpaqlarının müdafiəsinə qalxmayacaqlar? Çingiz bu böhtan və yalanları görməməzliyə vurub, həqiqəti xalqa çatdırmaq üçün yorulmadan işləyirdi. O, güllə yağışı altında qorxu bilmədən çəkirdi. O vaxta qədər ki…
1992-ci il iyunun 13-ü… Ön cəbhədə reportaj hazırlamaq üçün Müdafiə Nazirliyindən icazə alan Çingiz Mustafayev, eləcə də «ANS»-in əməkdaşları, Çingizin qardaşı Vahid Naxış və Şakir Eminbəyli dəhşətli döyüşlər gedən Naxsivanik kəndinə hollandılar. Döyüşü və azərbaycanlıların ermənilər tərəfindən dağıdılmış qəbirstanlığını çəkəndən sonra Vahid geri dönməyi təklif etdi; çəkdikləri kadrları Moskvaya «Vesti» proqramına tez çatdırmaq lazım idi. Bu vaxt döyüşçülərimizdən biri televiziya üçün bir neçə söz deməkdən ötrü icazə istəyir. Çingiz onun xətrinə dəyməmək üçün qardaşına deyir ki, siz gedin, mən çataram. Qardaşı razılaşmır, deyir ki, mütləq qayıtmaq lazımdır. Lakin Çingizin sözü qətidir. Vahid və Şakir çarəsiz qalıb. Çingizsiz qayıtmalı olurlar. Şəxsi şücaətini ekranda nümayiş etdirmək istəyən həmir döyüşçü Pir dağındakı erməni mövqelərinə atəş açır. Bundan «əsəbiləşən» ermənilər bizimkiləri minomyotlardan şiddətli atəşə tuturlar. Çingizin kamerası mərmi partlayışları çəkmək üçün aramsız işləyirdi. Bizimkilər itki verir, Çingiz isə çəkir və təhlükə barədə döyüşçülərə xəbərdarlıq edirdi. Budur, mərmi qəlpəsi onun özünü yaralayır. Əlindən düşmüş kamera isə hələ də işləyir. «Kameranı götürün!» - deyə o, döyüşçülərə qışqırır. Onlardan biri kameranı götürüb və heç özü də bilmir ki, bu saat baş verən hadisələr, danışıqlar lentə yazılır. Kiminsə əlləri Çingizi ZTR-ə qaldırır. Gözlənilməz partlayış maşını silkələyir. Onun qapısı açılır və yaralanmış Çingiz yerə düşür. İki döyüşçü onu qaldırmağa cəhd edir, lakin erməni snayperinin güllələri onları ölümcül yaralayır. Üçüncü döyüşçü Çingizi ZTR-ə qaldırır. Lakin bu vaxt növbəti mərmi partlayır və ZTR-i bərk zədələyir, döyüşçünü isə ikiyə bölür. Çingiz ayağından yaralanır. Qanaxma dayanmır. Həmişə Naxçivanik kəndi yaxınlığında dayanan təcili yardım maşını da bu dəfə görünmür.
Çingiz isə ölürdü.
Bax belə qısa həyat. Parlaq yaradıcı irs. Cəmi 32 il ömür sürdü Çingiz. Lakin bu 32 ildə nələr olmadı və o, nələr etmədi?! Çingiz bu ömrü çox şərəflə yaşadı. Tale ona xüsusi istedad bəxş etmişdi: yaşamaq istedadı. «Heç kəs unudulmayıb, heç nə yaddan çıxmayıb». Onun verilişi belə adlanırdı. Vaxt keçəcək, bu başlıq altında hələ çox verilişlərə baxacaq, çox yazılar oxuyacağıq. Hələ o vaxt – dörd il bundan əvvəl, heç kəsin ağlına gəlməzdi ki, iyunun 15-də amansız ölüm onun arzularına son qoyacaq. Biz Çingizi həmişəlik itirəcəyimizi bilmirdik. Çingizin son verilişi 1992-ci il mayın 12-də efirə çıxdı. Sonra düz bir ay ekranda görünmədi. Bizi narahat edən suallara cavablarını eşitmədik. Daha üç gün də keçdi və o, əbədiyyətə qovuşdu. Cavabı isə Şəhidlər xiyabanındakı portiretindən baxan sükunətli baxışı oldu.

Sevinc ƏLİYEVA
«GÜNAY» qəzeti
15 iyun 1996.


© 2004 Copyright In Memory of Chingiz Mustafayev. www.chingizmustafayev.com